Azərbaycan ABŞ-a nota verdi
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AFN-ə verilən məlumata görə, notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib.
Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.
XİN beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.
Səfir Ö.Litzenberqer ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.