"Arif Hacılı ilə komanda olmağımız mümkün deyil" - Yadigar Sadıqlı
“Mən özüm Müsavat Partiyasının Məclis üzvlüyünə namizədliyimi irəli sürmək istəmədim”.
Bu sözləri Modern.az-a Müsavat Partiyasının üzvü, başqanlığa keçmiş namizəd Yadigar Sadıqlı söyləyib. O, partiya Divanına üzv seçilməməyinin səbəbini bu cür izah edib:
“Divan üzvləri Məclis üzvləri arasından seçilir. Mən isə Məclis üzvlüyünə namizədliyimi bəri-başdan irəli sürmədim. Lakin başqanlığa digər namizəd Tofiq Yaqublu Məclis üzvü kimi namizədliyini irəli sürüb, seçilməyib.
Bundan sonrakı planım odur ki, Müsavatda sıravi üzv kimi qalıb, öz şəxsi işlərimlə, elmi-traixi araşdırmalarımla məşğul olum. Amma bununla bərabər Müsavat üzvü kimi üzərimə düşən nə varsa, etməyə çalışacağam”.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı bir həftə ərzində öz müşavirlərini də təyin edəcək. Lakin Y. Sadıqlı bu barədə də qətiyyətlidir:
“Müşavir kimi təmsil olunmaq haqqında təklif gəlsə, onu da rədd edəcəyəm. Mən Arif Hacılı ilə işləyə bilsəydim, elə müavin kimi qalıb işləyərdim. Bilirsiniz, müavinlikdən istefa vermişəm. Çünki mənim görüşlərimlə onun görüşləri uyğun gəlmir və komanda olmağımız mümkün deyil.
Mən müsavatçıyam, müsavatçı olaraq da qalacağam. Qurultaydan sonra da bəyan etdiyim kimi, sıravi üzv kimi partiyada təmsil olunacağam. Yeni təşkilat yaratmağı düşünmürəm”.
Qeyd edək ki, noyabr 3-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. İclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib. Həmçinin MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib.
Seçkilərin nəticələrinə görə, Gülağa Aslanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Razim Əmiraslanlı Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, Fərəc Kərimli Müsavat başqanının təbliğat məsələləri üzrə müavini, Nemət Kərimli Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini, Osman Kazımov Müsavat başqanının hüquq və insan haqları üzrə müavini, Səxavət Soltanlı – Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini seçilib.
Başqanlığa keçmiş namizədlər Yadigar Sadıqlı və Tofiq Yaqublunun adı Məclis üzvlüyündə belə qeyd edilməyib.