Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
İstanbulda Avrasiya klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb.
Qaynarinfo xəbər verir ki, infeksiyanın mənşəyi və ağciyərə necə düşməsi məlum deyil.
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva deyib ki, həkimlər əllərindən gələni etsə də, infeksiya barədə bir şey demir və heç bir proqnoz vermirlər.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində avtomobil vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər.
Başından zədə alan Oqtay Gülalıyev koma vəziyyətinə düşüb. Ailəsi hesab edir ki, gec əməliyyat olunması onun vəziyyətini daha da ağırlaşdırıb.
Qəzadan üç gün sonra Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib. Hüquq müdafiəçisi hələ də koma vəziyyətindədir. Həkimlər onun beyininin böyük hissəsinin zədələndiyini və uzun müddətdən sonra komadan ayılma ehtimalının ola biləcəyini deyirlər.