"Azəriqaz" payız-qış mövsümünə hazırlıq işlərinin 90 faizini yekunlaşdırıb
“Azəriqaz” İstehsalat Birliyi istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər görüb.
Qurumdan AFN-ə verilən məlumata görə, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Birliyin texniki istismar şöbəsinin hesabatında qeyd edilir ki, Respublika ərazisində 2019-cu ilin yanvar-oktyabr ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 542,8 km uzunluqda qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı, Sumqayıt və regionlar üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 299,64 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz olunub. Hazırda bu il üçün Dövlət proqramı əsasında qazlaşdırılması aparılan 92 yaşayış məntəqəsi və massivdən 66-da qaz açılışları baş tutub, digərlərində isə son tamamlanma işləri aparılır. Bakı şəhəri üzrə isə 22 yaşayış məntəqəsindən birində qaz açılışı həyata keçirilib, 11 məntəqədə iş tamamlanıb açılışa hazırdır, digər 10 massivdə isə qazlaşma işləri davam edir.
2019-2020-ci illərin payız-qış mövsümünə nəzərdə tutulan tədbirlərin icrası cari dövrdə ümumilikdə 90,04 % yerinə yetirilib və hələ də işlər davam etdirilir.