İcbari tibbi sığorta ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq
Bu gün Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə "Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələ daxildir.
Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb. Bu sərəncamdan irəli gələrək "Tibbi sığorta haqqında” Qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən icbari tibbi sığorta ilə bağlıdır.
Qanun layihəsinə təklif olunan dəyişikliklər barədə geniş məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dəyişikliklər 3 qrupa bölünür. Bunlar anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir.
Bildirilib ki, bu dəyişikliklər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edir. Qanuna əlavə ediləcək 16-4-cü maddəyə əsasən icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, mərhələli şəkildə tətbiq olunacaq.
İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, deputatlardan Vahid Əhmədov, İlham Məmmədov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Tahir Mirkişili, İlham Əliyev, Kəmaləddin Qafarov qanun layihəsinin vətəndaşlar tərəfindən səbirsizliklə gözləndiyini diqqətə çatdırıblar, layihə barədə qeyd və təkliflərini bildiriblər.
İclasda çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və maliyyə nazirinin müavini Azər Bayramov deputatların suallarına cavab veribər.
Müzakirələrin sonunda"Tibbi sığorta haqqında”Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.(modern.az)