"Bilik olmasa diplom heç nədir..." - İlham Əliyev




"Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram".



Bu sözləri Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışında müəllim və tələbə heyətinə səslənib:

"O ki qaldı müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: "tapş”, o, instituta "tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu