Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib




Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş konfransın təşkilat komitəsinin üzvləri, rəsmi qonaqlar və xarici ekspertlər ilk öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, ulu öndərin məzarı önünə əklil və tər çiçəklər qoyublar.



Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir.

Xeyirxahlığın ali ünvanı - Heydər Əliyev Fondu da məhz bu prinsiplərdən qaynaqlanaraq, insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və dəstəyi sayəsində ürək qüsurlu uşaqlar üzərində unikal cərrahi əməliyyatlar həyata keçirilir və əməliyyat olunan bu körpə uşaqlar çox ciddi xəstəliklərdən qurtularaq nicat tapırlar. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!

Elmi-praktik konfransı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Konfransın açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin tədbir iştirakçılarına ünvanladığı salamlama məktubu oxunub.Tədbirin açılış mərasimində həmçinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev və Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti Öztekin Oto çıxış ediblər.

Yerli mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertlərinin də iştirak etdikləri beynəlxalq konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunub.

Konfransın gedişində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu”, uşaq kardiocərrahı professor Bülent Polat “Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan “Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella “Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Cohannes Riks “Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və həmin klinikanın professoru Gündüz Dursun “Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim-genetiki Saber Siamak “Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” mövzularında və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif məruzələrlə çıxış ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirilməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin nümayəndələrini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdır.

“Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans Mərkəzi Gömrük Hospitalının Facebook səhifəsi üzərindən (https://www.facebook.com/customshospital/) tam olaraq canlı yayımda yayımlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu