Ombudsman Tovuzda baş verən dəhşətli cinayət ilə bağlı Baş prokurora müraciət etdi
Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayonun Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda meyitinin aşkarlanması və mətbuatda uşaq üzərində zorakılıq əməllərinin törədilməsi ehtimalı ilə bağlı yayılmış məlumatların araşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər.
Ombudsman Aparatından verilən məlumata görə, vəfat etmiş azyaşlının valideynləri və yaxınları Ombudsmana ünvanlanan müraciətlərində məsələnin nəzarətə götürülərək təcili və hərtərəfli araşdırılmasına, təqsirkar şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Ombudsman cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.
Müraciətdə qeyd olunan məqamlar və baş vermiş ölüm hadisəsinin zorakılıq ehtimalı nəzərə alınmaqla nəzarətə götürülərək araşdırılması, müvafiq ekspertizaların təyin olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.
Eyni zamanda, Ombudsman kütləvi informasiya vasitələrini bu cür hallarla bağlı məlumatlar yayarkən insanların, o cümlədən uşaqların psixologiyasına mənfi təsirləri nəzərə almağa və həssaslıq nümayiş etdirməyə çağırır.