Xalq artisti Murad Dadaşovdan nə istədi?
"Murad Dadaşov çox uğurlu bir rəhbər olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Murad Dadaşovun Xəzər TV-yə prezident təyin olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Murad Dadaşov televiziyalarda gözəl layihələri ilə yadda qalıb:
"Murad Dadaşov hamının çox sevdiyi şoumendir. Bu günə kimi televiziyalarda gözəl layihələri ilə yadda qalıb. Düşünürəm ki, Murad Dadaşov çox uğurlu rəhbər olacaq. Murad televiziyada böyümüş insandır. Onun bütün həyatı televiziya ilə bağlıdır. Maraqlı bir kadr olacaq. "Xəzər” televiziyasında daha maraqlı layihələr həyata keçiriləcək. Bizim də işimiz televiziya ilə bağlı olduğu üçün istəyirik ki, musiqili verilişlərin sayı çox olsun”.
Mənsum İbrahimov qeyd edib ki, televiziyaların əsas problemləri bayağı musiqilərdir:
"Əsas odur ki, televiziyada bayağı musiqilər və verilişlərin sayı azalsın. Bütün bunlar xalqı narahat edən problemlərdəndir. İnanıram ki, yaxın vaxtlar da özəl televiziyalarda bu problem aradan qaldırılacaq”.