Oqtay Gülalıyev sabah yenidən əməliyyat olunacaq
Hüquq müdafiəçisi Oqtay Gülalıyev yanvarın 10-da ikinci dəfə əməliyyat olunacaq.
Bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev məlumat verib.
Onun sözlərinə görə, bu əməliyyata səbəb Oqtay Gülalıyevin beynində həddindən artıq su yığılmasıdır:
"Atamı iki gün öncə MRT etdilər. Beynində akut hidrosefali (kəskin sürətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşallah əməliyyat uğurlu keçər”.
Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı "Amerika Xəstəxanası”na köçürülüb.
O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.