Naximov küçəsi, II döngəyə asfalt çəkilir: Sakinlərin sevincindən narahat olanlar təxribat törədir… - VİDEOREPORTAJ, FOTOLAR
Bir müddət öncə Xətai rayonu, Naximov küçəsi, ikinci döngənin problemlərini çəkib işıqlandırmış, yolların acınacaqlı vəziyyətini diqqətə çatdırmışdıq. Nəhayət ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yol çəkilməsi üçün işlərə başlanılıb.
AFN xəbər verir ki, “Yeni Müsavat” qəzetinin əməkdaşları görülən işləri işıqlandırmaq üçün əraziyə baş çəkib, sakinlərin sevincinə şərik olub.
Çəkiliş aparılan zaman kimliyi məlum olmayan şəxslər təxribat yaratmağa çalışıblar. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizədlərdən birinin nümayəndələri görülən işləri onun adına çıxartmağa başlayıblar. Həmçinin jurnalistləri təbliğat kampaniyası aparmaqla ittiham ediblər. Sakinlərin müdaxiləsi və onların problemini işıqlandıran "Yeni Müsavat" əməkdaşlarını müdafiə etməsi ilə qalmaqal daha da böyüyüb. Vətəndaşlar onların problemlərinin həllindən narahat olan şəxslərə layiqli cavab verərək onları uzaqlaşdırmağa çalışıblar.
Daha sonra sakinləri tərəfindən icra nümayəndəsi Qafur Rəhmanov əraziyə çağrılıb. O görülən işləri dövlət tərəfindən aparıldığını və heç kimin bu işləri öz adına çıxmağa haqqı çatmadığını vurğulayıb.
Həmçinin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan da əraziyə gələrək müxbirlərin yanında olub. Məlum deputatlığa namizədənin adamlarının müxbirləri təxribata çəkməsinin qarşısını alıb.
Nərgiz LİFTİYEVA
Elçin ƏKBƏROV