Mixalkovun ermənilərlə bağlı filmi: Azərbaycanı nə gözləyir?- REJİSSORLAR
"Nikita Mixalkovun belə bir film çəkməsi Rusiyanın müəyyən qədər mövqeyini dəyişdirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında kinorejissor, künoşünas Ayaz Salayev Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı çəkəcəyi filmdən bəhs edərkən deyib. Onun sözlərinə görə, sözügedən film tarixi layihə olacaq:
"Məsələdən xəbardaram. Bu, tarixi bir layihə olacaq. Açığı, bu mənim çoxdankı arzumdur. Layihə haqqında çoxdan xəbərdaram. Biz bu filmdən çox şey gözləyirik. Əgər Rusiya rejissoru Nikita Mixalkov bu filmi reallaşdırsa, ona Bakıda balaca bir heykəl də qoymaq olar. Nikita Mixalkov Rusiyanın ən nüfuzlu insanlarından biridir. Onun belə bir film çəkməsi Rusiyanın müəyyən qədər mövqeyini dəyişdirəcək. Bu, Rusiyanın bizə münasibətinin dəyişməyindən də xəbər verir. Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filminin çəkilməsi Nikita Mixalkovun çox cəsarətli bir addımıdır. Ona qibtə edirəm və çox arzulayıram ki, bu baş tutsun. Sadəcə, indi inamım yoxdur ki, o, bunu edə bilə. Əgər Nikita Mixalkov ermənilərin 150 il bundan öncə Qarabağa köçürülməsini göstərə bilsə, hamıya məlumdur ki, mən nə demək istədim”.
Bu tarixi layihə ilə əlaqədar Xalq yazıçısı, kinorejissor, ssenarist Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. Rüstəm İbrahimbəyov sualımızı sona kimi kimi dinlədi və "mənim danışmağa vaxtım yoxdur”,- deyə telefonu qapadı.
Rejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin də filmlə bağlı "fikri” belə oldu:
"Hazırda İncəsənət Universitetində imtahandayam. Burada uşaqların taleyi həll olunur, siz mənə Mixalkov deyirsiniz. Sonra danışarıq”.
Kinoşünas Aydın Kazımov Azərbaycan Mədəniyyət Nazirliyinin rusiyalı rejissorla layihəsinə başlamamışdan öncə görüşüb müzakirə aparmağı təklif edib:
"Əgər bu filmdə həqiqətlər əks olunsa, onun Azərbaycan tərəfinə çox böyük xeyri olar. Amma ermənilərin tərəfini tutsa, Azərbaycanın əksinə gedəcək. Bunu bilmək lazımdır. Hər halda Azərbaycanın məsuliyyətli oranları var - Mədəniyyət Nazirliyi, Azərbaycan Kinomotoqrafçılar İttifaqı var və bu qurumlar yəqin ki, sözügedən layihə ilə bağlı rejissorla əlaqə saxlayırlar. Onlar əvvəlcədən öyrənə bilərlər ki, filmdə nələr əks olunacaq. Mixalkov rus kinosunun tarixinin ən gözəl yaradıcılarından biridir. İstər tarixi, istər inqilabdan əvvəlki, istərsə də müasir dövr olsun onun filmlərində həyata real baxışlarla əksini tapıb. O, həm də aktyordur. İndi nizam tərəzisi itib, etibar elədiyin adam bir də baxırsan 160 dərəcə dəyişdi. Heç bilmirsən ki, bu adam niyə belə dəyişdi. Ona görə bu dəqiqə desək ki, Mixalkov filmdə hər seyi olduğu kimi verəcək, yalan olar. Çünki Moskvanın yarısı ermənilərdən ibarətdir. Bu da Moskvada yaşayır. "Mosfilm” studiyanın ən böyük direktoru ermənidir - Şahnazarıyan. Mixalkov ona qarşı çıxacaq? Bundan ötrü hünər, kişilik, əqidə lazımdır. Öz əqidənə, peşənə sadiq qalıb real həyatı çəkəcəyin filmdə olduğu kimi göstərəsən. Ümid eləmək olmaz. Çünki sağ əlin sol ələ etibarı yoxdur. Lazımdır ki, Mixalkovla əvvəl görüşəsən. Əgər sabah film çəkiləndən sonra baxsaq ki, orada bizim əleyhimizə gedilib, istəyirsən lap yüz dənə bəyanat ver, yenə də faydasız olacaq. Onun filmi isə Azərbaycanın ziyanına işləyəcək”.
Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov mətbuata ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlaması barədə açıqlama verib. Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən "Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.
Rusiyalı kinorejissor filmin çəkilişlərinin Azərbaycanın Qarabağ bölgəsində və İranda çəkiləcəyini qeyd edib.