Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub
Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin media quruluşlarının əlaqələrinin də əməkdaşlıq motivini təşkil edir. Sevindirici haldır ki, qarşılıqlı əməkdaşlıq yalnız ayrı-ayrı media qurumlarının fərdi təşəbbüsləri ilə ölçülmür, geniş birgə fəaliyyət platforması kimi diqqət çəkir. Bu statusun əldə edilməsində Türkiyənin Azərbaycandakı Səfirliyinin xidmətləri böyükdür.
Azərbaycan və Türkiyə dövlətləri arasındakı əməkdaşlığın ən müxtəlif layihələrlə dərinləşdiyini, tamamilə yeni müstəviyə qədəm qoyduğunu vurğulayan səfir E.Özoral eyni zamanda bildirib ki, eyni dinamizmin hər iki ölkənin media qurumları arasındakı münasibətlərdə də əksini tapması vacibdir. O, rəhbərlik etdiyi diplomatik missiyanın mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığının faydalı nəticələr verə biləcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycan və Türkiyə mediası arasındakı əməkdaşlığın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda 2020-ci ildə Azərbaycan jurnalistlərinin Türkiyədə təcrübə proqramlarına cəlb edilmələri məsələləri nəzərdən keçirilib.