Bakıda avtobus sürücüsü qaydaları pozdu - VİDEO
Bakıda fəaliyyət göstərən 30 nömrəli marşrut avtobusunun sürücüsü Babək Prospektində əks zolağa çıxaraq qəza şəraiti yaradıb.
Həmin yolda olan bir minik avtomobilinin sürücüsü isə avtobusun qarşısında avtomobilini saxlayaraq onun öz zolağına qayıtmasını tələb edib.
Avtobusun sürücüsü törətdiyi qayda pozuntusuna haqq qazandıraraq digər sürücünü təhqir etməkdən belə çəkinməyib. Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib.
İçərisi sərnişinlə dolu olan avtobusun sürücüsü əks zolağa çıxaraq digər avtomobil sürücüləri üçün qəza şəraiti yaradır.
Yolda olan minik avtomobillərindən birinin sürücüsü isə həmin avtobusun qarşını kəsərək bu zolaqdan keçməsinə imkan vermir. O, baş vermiş hadisəni mobil telefonu ilə də qeydə alır.
Hadisə Paytaxtın Xətai rayonu, Babək prospketində baş verib. ''Xəzər xəbər''ə müraciət edən Bakı şəhər sakini Fazil Əliyev iddia edir ki, Babək prospektindən normal sürətlə hərəkət edən zaman qəfil qarşısına dövlət qeydiyyat nömrəsi 10-TG-336 olan 30 nömrəli marşrut avtobusu çıxıb.
Fazil Əliyevin sözlərinə görə, həmin sürücüyə öz iradını bildirməsinə baxmayaraq avtobusun sürücüsü onu söyərək təhqir edib.
Minik avtomobilinin sürücüsü həmçinin onu da bildirdi ki, avtobusun əks zolağa çıxması səbəbindən yolda bir müddətlik sıxlıq yaranıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün etdiyi bu hərəkət yol hərəkəti qaydalarının ciddi şəkildə pozulmasıdır.
Ümumilikdə bu xətt üzrə sərnişindaşımanın vəziyyəti qənaətbəxş deyil. Bu səbəbdən də xətt müsabiqəyə çıxarılıb. Yaxın günlərdə nəticə elan olunacaq. Xətt üzrə daşıyıcı ilə bağlanan müqaviləyə xitam verilərəcək və xəttə müasir komfortlu avtobuslar buraxılacaq.
Qeyd edək ki, avtobusun sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə 60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər.