Ölümü satın almayaq!




İki gün əvvəl, fevralın 12-də Koroğlu metrosunun yaxınlığında 15 zolaqlı yolu keçməyə çalışan piyadanı avtomobil vuraraq öldürüb. Ərazidə yeraltı piyada keçidi olsa da, avtomobillərin intensiv hərəkət etdiyi yolu keçməyə cəhd acı sonluqla nəticələnib.



Statistikaya görə, piyada səhlənkarlığı ucbatından baş verən yol qəza hadisələrinin sayı ümumi hadisələrin 50 faizindən çoxunu təşkil edir. Bu istiqamətdə həm yol polisi, həm də müxtəlif ictimai təşkilatlar təbliğat və maarifləndirmə aparsa da, uğurlu nəticələr yoxdur. Təbii ki, müəyyən qədər irəliləyiş var. Lakin magistral yollarda hər gün ölən və yaralananlar təəssüf doğurur.

Nəqliyyat eksperti Elməddin Muradlı "MediaPost"a bildirib ki, piyada məsuliyyəti qəzalarının sayının azalması üçün çox önəmlidir: "Sanki insanlar ölümü satın alırlar. Elə bil ki, "itirdikləri" 2 dəqiqə həyatlarından dəyərlidir. Axı niyə anlamaq istəmirik ki, keçiddən keçmək daha tez və təhlükəsizdir. Məsələn, elə "Koroğlu" metrosunun yaxınlığında baş verən piyada vurmasını götürək. Görüntülərə baxanda yolu yarıya qədər keçmə müddəti təxminən 2-4 dəqiqə çəkir və sonda piyadanı maşın vurur. Mən özüm orada test etmişəm. Bir tərəfdən digərinə keçidlə rahat və tələsmədən keçəndə cəmi 3 dəqiqə vaxtımız gedir. Görəsən, 3 dəqiqəyə görə ölməyə dəyərmi? Düşünürəm ki, insanlar yolu keçmək istəyən zaman bir daha düşünməlidir. Amma təsəvvür edin ki, birini maşın vurub yolda ölüb, amma digər iki nəfər onun yanından keçir və eyni qaydada magistral yolu keçiddən deyil, üstdən keçməyə çalışır. Həqiqətən, anlamağa çətinlik çəkirəm ki, göz görə-görə niyə insanlar ölümə gedir".

Ekspert təklif edir ki, bu kimi yerlərə dəmir arakəsmələr qoymaq lazımdır: "Düzdür, bunun da bəzilərinə fayda verəcəyinə inanmıram. Çünki təcrübədə dəmir arakəsmələrin üstündən tullanıb keçənlər çox görmüşük. Ən azından yaşlı insanlar, qadınlar, uşaqlar bu arakəsmələrdən keçə bilməyəcək. Bu qrupdan olan insanlar adətən, yolları çətinliklə keçir. Düşünürəm ki, heç olmasa bunun faydası olar.”

Ekspert hesab edir ki, piyada keçidləri ilə bağlı maarifləndirici lövhələrin sayını artırmaq lazımdır. "Bəziləri metro işarəsini görür, amma burada piyada keçidinin olduğunu bilmir. Ona görə də təklif edirəm ki, məlumat lövhələri çox olmalıdır. Hətta piyadalara istiqamət verən, onları hər addımda piyada keçidindən keçməyə təhrik edən lövhələrin olması faydalıdır. Ola bilər ki, bu, "Piyada keçidindən keç, özünü ölümə atma" kimi yazını oxuyandan sonra fikrindən daşınar və bir həyat da xilas olar."

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "MediaPost"a bildirib ki, bu gün həmin ərazidə müayinə aparılıb: "Mən şəxsən gedib həmin yerdə oldum. Təsəvvür edin ki, ərazidə 15 zolaq var. Kənar yolda sürət həddi 60 km/saat olsa da, əsas yolda bu 90 km/saatdır. Odur ki, sürücü piyadanı görsə belə, əyləc məsafəsi uzanır. Nəticədə qəza baş verir."

Vaqif Əsədov piyadalara müraciət də edərək bildirib ki, piyada keçidləri olan ərazilərdə avtomobillərin intensiv hərəkət etdiyi yerdən keçmək həm qanunla qadağan, həm də təhlükəlidir: "Hərəkət sürəti 60 km/saat olan yollarda bu 20 manat, sürət həddi bundan yuxarı olan yollarda isə 40 manat məbləğində cərimə var. Amma cərimədən daha çox insan öz təhlükəsizliyini düşünməlidir. Piyadalara bir daha müraciət edərək bildiririk ki, həyatlarını riskə atmasınlar. Eyni zamanda onları gözləyənləri gözüyaşlı qoymasınlar."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu