Muxtar Babayev “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Nazirliyin nümayəndələri “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olublar.
"Qafqazinfo" xəbər verir ki, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qonaqlara Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verib. Bildirilib ki, ən müasir ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Zavodda əldə edilən enerji ilə il ərzində təqribən 100 min mənzili elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur.
ETSN nümayəndələri “yaşıl iqtisadiyyat”ın inkişafı məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkında 19 rezident qeydiyyata alınıb. Onlardan 9-u artıq fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin həyata keçirilməsi hesabına işçilərin sayının 710-a çatdırılması nəzərdə tutulur.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda qonaqlara məlumat verilib ki, Almaniya texnologiyası ilə inşa edilən zavod ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda 170-dən artıq sakin daimi işlə təmin olunub.
Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda qonaqların diqqətinə çatdırılıb ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə təmizlənərək texniki suya çevrilir və ərazidə əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilməklə poliqonun ehtiyacları üçün istifadə olunur.
ETSN nümayəndələrinə Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq sakinlərin istifadəsinə verilib.