Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi




"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Ermənistan siyasi dairələrinin icma sədri Tural Gəncəliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü ilə bağlı iddialarına münasibət bildirib.

İcmadan AFN-ə bildirilib ki, ermənilərin bu görüşlə bağlı yaydıqları məlumatlar tamamilə əsassızdır.

"Son günlərdir ki, erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu barədə press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərə də şübhə ilə yanaşırlar".

Qeyd edək ki, fevralın 13-də A.Kaspşik Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və icma üzvləri ilə görüşüb. Görüş zamanı A.Kasprşik icma rəhbəri Tural Gəncəliyevi fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

T.Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəciyini vurğulayıb. İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğunu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu