“Azəriqaz”da struktur islahatları aparılıb




Son vaxtlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonent məmnuniyyəti qazanmaq, onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün bir çox addımlar atır.



AFN-ə “Azəriqaz”dan verilən məlumata görə, xüsusən də müştəri xidmətləri sahəsində şəffaflığın və operativliyin təmin olunması üçün müvafiq işlər görülür. Lakin bu prosesin daha da geniş vüsət alması, Azərbaycan Prezidentinin ölkədə apardığı islahatlara uyğun hədəflərin düzgün seçilməsi, yeni çağırışlara cavab verən struktur islahatlarına ehtiyac yaranıb.

Dövlətin kommunal xidmətlər sektorunda xüsusi yeri olan və 2 milyon 300 minə yaxın abonenti olan “Azəriqaz” İstehsalat Birliyi ölkə başçısının qarşıya qoyduğu tapşırıqları qüsursuz yerinə yetirmək üçün strukturunda müəyyən dəyişiklik edib.

Bu gün “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb. Belə ki, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

Qeyd etmək istərdik ki, aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bu günədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu