İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, 2020-ci ilin yanvar ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “Sığortaolunanın Tibbi Kabineti” adlı elektron xidmətinin “MyGov” portalına inteqrasiyası həyata keçirilib.
Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından “Sığortaolunanın Tibbi Kabineti”nə daxil olaraq izləyə biləcəklər. Bunun üçün “MyGov” portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə “Qurumlar üzrə” bölməsini seçməlidir. Daha sonra Agentliyin adına daxil olaraq “Sığortaolunanın Tibbi Kabineti” xidməti seçilməlidir. Açılan səhifədə “Xidmət səhifəsinə keçin” xanasına daxil olaraq vətəndaş tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliyinin tarixçəsini görəcək. Həmçinin “Sığortaolunanın Tibbi Kabineti” xidməti vasitəsilə vətəndaş Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, sığortaolunan statusu və icbari tibbi sığorta haqqı borcu barədə məlumat əldə edə biləcək. Hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalına indiyədək inteqrasiya olunmuş sistemlərə “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac” daxildir. Portala inteqrasiya olunmuş bu sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 27 dövlət xidməti və 17 bildiriş xidməti təqdim olunur.