General Ramiz Nağıyev oğlunun müdafiəsinə qalxdı: "Domokl qılıncı hər birinin başı üzərindədir"




Polis Akademiyasının keçmiş rəisi, general Ramiz Nağıyev Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.



AFN xəbər verir ki, general müraciətində Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun qanunsuz əməllərinin qarşısının alınmasını xahiş edib. Qeyd edək ki, R.Nağıyevin oğlu Vüqar Nağıyevlə A.Qafarovun qızı Türkan Qafarova ailəli olub ayrılıblar. V.Nağıyevin mediaya açıqlamasına görə, boşanma prosesindən onun xəbəri olmayıb: "Xəbərim olmadan bizi boşayıblar, uşaqlarımın himayəçiliyini analarına veriblər, mənə də yüksək məbləğdə aliment kəsiblər. Bütün bunlar hamısı A.Qafarovun təzyiqi ilə baş verib". Ötən il isə ailənin Siyara adlı 3 yaşlı qızları ananın himayəçiliyində olan vaxt faicəli şəkildə hovuzda boğularaq vəfat edib. V.Nağıyev iddia edir ki, qızının ölümünə anasə T.Qafarovanın məsuliyyətsizliyi səbəb olub: "Lakin hüquq-mühafizə orqanları, məhkəmələr bunun da üstünü ört-basdır etdi. İndi də oğlumu əlimdən alıblar, mənə göstərmirlər, görüşümüzə imkan vermirlər".

R.Nağıyev ölkə rəhbərliyindən oğlunun harayına səs vermələrini xahiş edib: "Bəziləri məni qınayırlar ki, oğlum Vüqarın bu kimi paylaşımlarına niyə mane olmuram və s. Amma çox istərdim ki, məsələyə obyektiv, ədalətlə yanaşılsın. Ağamalı Qafarov vəzifəsindən, vəzifədən qovulmuş şəriki Əli Həsənovla, onun tör-töküntüləri ilə münasibətlərindən istifadə edib bu məsələnin qanunauyğun həllinə maneçilik edir və hətta yaramazlıq edərək azyaşlı uşağı atasından gizlədir. Səlahiyyət sahibləri olan Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə çatdırmaq istəyirəm ki, bəzən insanlar qanunsuzluqları aradan qaldıra bilməyəndə çarəsizlikdən müxtəlif digər yollara baş vururlar. Gənc bir atanın harayını dinləyin, ədaləti bərpa edin, ata ilə övladın görüşməsinin qanunauyğun təmininə vəzifəniz dairəsində müdaxilə edin!
“Ələkçinin qıl verənləri” olan və bu iş üzrə tapşırıq əsasında qanunsuz qərarlar çıxaran, adı mediada dərc olunan yazıda keçmiş prokuror, hakimlər isə ölkədə gedən proseslərə baxıb ayılsınlar, yaltaqlığa son qoysunlar, bilsinlər ki, Domokl qılıncı hər birinin başı üzərindədir, Ağamalının və onun kimilərin himayədarı olan Əli Həsənovların, Neftçalanın bu günlərdə vəzifədən götürülən icra hakimiyyəti başçısının taleyi hər birini gözləyir!
Oxuyuculardan xahişimiz odur ki, paylaşsınlar, təzyiqlərə məruz qalan bir atanın harayının ölkə başçısına, Birinci Vitse-Prezidentə çatmasına yardımçı olsunlar. Cənab Prezident və birinci xanım da valideyindirlər, əminəm ki, məsələni araşdırsalar haqsızlığı aradan qaldıracaq, ata ilə övladının qanun çərçivəsində qovuşmasını təmin edəcəklər!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu