Türkiyə Qarabağda keçirləcək "seçki" ilə bağlı dünyaya səsləndi
Türkiyə beynəlxalq ictimaiyyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində 31 mart 2020-ci il tarixinə planlaşdırılan qondarma seçkini tanımamağa çağırır.
Qaynarinfo xəbər verir ki, bəyanatda işğal altındakı Dağlıq Qarabağdakı mövcud vəziyyəti qanuniləşdirmək üçün beynəlxalq hüquqa zidd olan birtərəfli cəhdlərin yolverilməzliyi vurğulanır. "Bu addım beynəlxalq hüququ kobud şəkildə pozur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT prinsiplərinə ziddir", - sənəddə vurğulanır.
Türkiyə Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd edib:
"ATƏT-in Minsk Qrupunun himayəsi altında davam edən danışıqlar fonunda Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin keçirilməsi münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə yönəlmiş səylərə zərbədir. Biz bütün beynəlxalq ictimaiyyəti, o cümlədən ATƏT-in Minsk Qrupunun üzvlərini bu seçkiləri tanımamağa çağırırıq".
Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın qanunsuz seçkiləri tanımadığını,bunun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizliyin daha bir təzahürü olduğunu vurğulayıb.
Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı şəkildə nizamlanması səylərini dəstəkləyir.