Türkiyədə koronavirusa yoluxanların sayı 20 mini ötdü
Türkiyədə son bir gündə 69 nəfər pandemiyanın qurbanı olub.
Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 425 nəfərə yüksəlib. Nazir deyib ki, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb. F.Koca vurğulayıb ki, hazırda 1 251 pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir, indiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.