Ramazan ayında məscidlərdə bayram namazı qılınacaqmı? - AÇIQLAMA
“Ramazan ayında bayram namazı, iftar süfrələri təxirə salına bilər”.
Bu barədə Oxu.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumat verib.
O bildirib ki, proseslər ölkə ərazisində koronavirus pandemiyasının gedişatına uyğun şəkildə tənzimlənəcək:
“Prosesləri qabaqlamaq mümkün deyil. Ona görə bununla bağlı Qafqaz Müsəlmanları İdarəsində fətva hazırlanır. Virusun yayılma vəziyyətinə uyğun olaraq, yoluxma halları artarsa, karantin qaydalarına uyğun qərar veriləcək. Belə olan halda kütləvi toplaşma hallarının qadağan edildiyini nəzərə alaraq, iftar süfrələrində, bayram namazlarında insanların məscidlərdə bir araya toplaşması yolverilməzdir”.
“Amma yekun qərar təbii ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanan fətvada öz əksini tapacaq. Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək”, - deyə Hacı Şahin qeyd edib.