Bakıda karantini pozan kafe aşkarlandı, 6 nəfər cərimələndi - FOTOLAR
Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, obyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.