İndiyədək karantin rejimini pozan 252 nəfər həbs edilib
Martın 17-dən bugünə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 6 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
Ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 8 970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 23 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub.
Ümumilikdə isə martın 17-dən bugünə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib.
Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq.