ƏƏSMN-dən vətəndaşlara şokedici cavab: "SMS-lər səhv göndərilib..."+FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlətdən 190 manat yardım almaq üçün müraciət edən vətəndaşlara göndərdiyi cavab SMS-ləri ilə bağlı məsələ böyüyür.
AFN xəbər verir ki, kütləvi surətdə narazılığa, etirazlara səbəb olan SMS-lərlə bağlı nazirliyin sözçüsü Fazil Talıbov açıqlama verərək mətnlərin kontektdən çıxarıldığını desə də, meydana əlavə məqamlar çıxıb. Belə ki, adına guya avtomobil olduğu üçün 190 manatın təyin olunmasından imtina edilən vətəndaşlar məsələ ilə bağlı nazirliyin 142 çağrı mərkəzilə əlaqə saxlayıblar. Onlara verilən cavab bu olub ki, mesajlar səhv göndərilib: "Kimə elə mesaj gedibsə bizə zəng etsin, e-mail deyəcəyik ora yazsınlar".
Qeyd edək ki, nazirlik 190 manat üçün müraciət edən vətəndaşlara müxtəlif mesajlar göndərib. Məsələn, subay şəxslərə "XXX azteminatliliq meyarina uygun gelmediyiniz ucun (erinizin (arvadinizin) adina muxtelif unvanlarda iki ve daha cox dasinmaz emlak askarlandigi ucun), Size 190 manat birdefelik odeme verilmesinden imtina edilmisdir". Eynilə adına avtomobil olmayan şəxslərə guya avtomobili olduğu üçün 190 manat ödəməni ala bilməyəcəyi haqda SMS-lər göndərilib.