Bank sektorunu daha hansı qərarlar gözləyir? - TƏHLİL




Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları 4 banka ("Atabank”, "AGBank”, "NBCBank”, "Amrahbank”) müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Bundan sonra – aprelin 28-də açıqlanan qərarda isə onlardan ikisinin ("Atabank” və "Amrahbank”) lisenziyasının ləğv edildiyi bildirildi.



Bu qərarların verilməsində koronavirus pandemiyası səbəbindən yaranan vəziyyətin rolu nə qədərdir? Qərar bank sektorunun sağlamlaşdırılmasına xidmət edəcəkmi? Bu sahəni daha hansı problemlər gözləyir?

"Atabank" üçün gecikmiş, "AGBank" üzrə isə ziyanlı qərardır"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Qayanrinfo-ya məsələni şərh edərkən bildirdi ki, qeyri-sağlam, faktiki müflisləşmiş olan bankların bazardan çıxarılması bank sisteminin sağlamlaşdırılmasına aparan addımdır: "Amma bunu əlbəttə vaxtında etmək lazımdır. "Atabank” artıq bir ilə yaxındır ki, müflisdir, indi bağlayırlar. Bu bank artıq öz işini görüb: yoluxdurub bütün bank sistemini. Eyni zamanda da sağlam bankı bağlamaq qeyri-sağlamlığa aparır. Məsələn, "AGBank” prinsipcə kifayət qədər sağlam bankdır, heç bir müştərinin onunla problemi yoxdur. Sadəcə bəzi normativlərə əməl edə bilmir, çünki problemli kreditləri var. Amma o kreditləri qaytaracağı gözlənilir. Bu nöqteyi-nəzərdən Mərkəzi Bankın qərarı "Atabank” üzrə gecikmiş qərardır, "AGBank” üzrə isə ziyanlı qərardır. Ümid edirəm ki, "AGBank” bağlanmayacaq”.

Ekspertin fikrincə, ümumiyyətlə ən zəif durumda olan "Atabank”la bağlı da indiki məqamda belə bir qərarın verilməsi səhvdir: "Pandemiya səbəbilə karantin rejimindəyik, camaatın bankda pulu var və bu qərar böhranı dərinləşdirir”.

"Pandemiyanın təsiri bank sisteminə hələ bundan sonra olacaq"

Ə.Həsənov onu da qeyd etdi ki, koronavirus pandemiyasının dörd bankla bağlı verilən qərara heç bir təsiri yoxdur: "Pandemiyanın təsiri bank sisteminə hələ bundan sonra olacaq. Yeni problemli kreditlər çıxacaq və s. Mərkəzi Bankda banklara heç bir kömək etmədi, ancaq tövsiyə ilə kifayətləndir. Bu baxımdan pandemiyanın təsiri hələ qabaqdadır. Bu qərarlara isə pandemiyanın heç bir aidiyyatı olmadı. İndiki anda MB gözləməli idi”.

Bəs müvəqqəti inzibatçı təyin edilmiş digər bankların da bağlanması gözlənilirmi? İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, "Banklar haqqında” Qanunun 57-ci maddəsində ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi prosesi əksini tapıb: "Bu maddədə banka müvəqqəti inzibatçının təyin edilməsi şərtləri və müvəqqəti inzibatçının verəcəyi mümkün qərarlar nəzərə tutulub.

Qanuna görə, Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Bununla da bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır və səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.

Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb MB-yə təqdim edir”.

"Qərar 5 istiqamətdə ola bilər"

Ekspert bildirir ki, ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur: "Bu müddətdə Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Burda qərar 5 istiqamətdə ola bilər:

- ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması;
- ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsi;
- körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması;
- ödəmə qabiliyyətini itirmiş bankın investora satılması;
- ödəmə qabiliyyətini itirmiş bankın ləğvi.

Göründüyü kimi, müvəqqəti inzibatçı təyin edilən bankların mütləq bağlanacağı qanunda əksini tapmır, ola bilsin hansısa bank bağlansın, hansısa sağlamlaşdırılıb başqa banka birləşdirilsin və ya satılsın.

Qanuna görə, müvəqqəti inzibatçı bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə MB-nin ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər”.

Ekspert onu da qeyd etdi ki, adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər: "Birlikdə 4 bankın bazar payı 5 faizə yaxındır. Bu banklar aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya "Atabank” (1,4%), ən aşağı paya "Amrahbank” (0,6%)malik olub. 2019-cu ildə "Atabank”ı saymasaq "AGBank” aktivlərinin həcminə görə 15-ci yerdə olub. "Atabank” da aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub.

Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) "Atabank”, ən az paya "Amrahbank” (0,79%) olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar. Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu