“Azərbaycanın Avropa Şurasından çıxmasını müzakirə edə bilərik” – Ziyafət Əsgərov




“Prezident İlham Əliyev bildirib ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir... Mən bu fikirlə tamamilə razıyam. Biz Avropa Şurasına daxil olandan bu günə qədər çox təəssüf edirəm ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir”.

AFN xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu barədə “Report”a müsahibəsində bildirib.

O deyib ki, buradakı vətən xainlərinin və ya xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların donosları əsasında Azərbaycana qarşı sənəd hazırlayırlar:

“Bu nə qədər ciddi təşkilat ola bilər ki, donoslar əsasında sənəd hazırlasın və qərar qəbul etsin?! Onların Azərbaycana münasibəti həmişə ikili standartlar əsasında olub. Mən açığı deyim, Azərbaycan həm də ikili standartlardan ona görə əziyyət çəkir ki, orada ölkəmizə qarşı fəaliyyət göstərən bir çox insanlar bu təşkilata xristian klubu kimi baxırlar. Bizim əhalinin də mütləq əksəriyyəti müsəlman olduğuna görə belə təpkilərlə üzləşirik. Ermənistanda 2000-ci ilin əvvəllərindən bu yana həm Robert Köçəryan, həm də Serj Sarqsyan prezident olanda AŞPA qərar çıxardı ki, orada seçkilər demokratik keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə isə dedi ki, siz düz demirsiniz. O dedi ki, Ermənistanda seçkilər zamanı total saxtakarlıqlar olub. Avropa Şurası Nikol Paşinyanla bağlı seçkiləri də legitim saydı, amma Paşinyan dedi ki, indiyə qədər keçirilən seçkilərin hamısı saxtadır. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi.

Ermənilərin bir şairi Egisi Çares deyir ki, bizdə riyakarlıq və ikiüzlülük ana bətnindən başlayır. Mən hətta bir müəllifi də tapdım. Onun adı Qevorq Aslandır. O, 1914-cü ildə “Ermənistan və ermənilər” kitabını yazıb. Qevorq Aslan yazır ki, ermənilərin heç zaman öz dövləti olmayıb, ona görə də ermənilərdə vətən hissi və vətənpərvərlik yoxdur, ermənilər üçün vətən yalnız coğrafi anlayışıdır. Ermənilər bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və “prezident” seçdilər. Ancaq özünə hörmət edən beynəlxalq təşkilatlar bu “seçki şousu”nu qəbul etmədilər. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir? Hanı Avropanın ədaləti? Ancaq Azərbaycanda kimsə yalandan yıxılırsa, o saat Avropa Şurası münasibət bildirir. Xeyir ola?”

Ziyafət Əsgərov sözlərinə əlavə edib ki, Avropa Şurası qeyri-ciddi təşkilatdır və Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı məsələ istisna edilmir:

“Biz onu müzakirə edə bilərik. Bu məsələ, sözsüz ki, dərin müzakirələr tələb edir. Hansı qərarın çıxarılması isə parlamentin qərarından asılıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu