15 ildən artıq həbs cəzası alacağı gözlənilən məmur qardaşı azad edildi




Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı, iş adamı Sahib İbrahimov ötən gün hakim qarşısına çıxarılıb.



AFN musavat.com-a istinadən xəbər verir k, Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib, hökm oxunub.

Hökmə əsasən, Sahib İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı həbsdə qaldığı müddət cəzadan çıxılaraq qəti olaraq 3 il 11 ay cəza saxlanıb. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 1 il müddətinə sınaq müddəti olmaqla cəzası şərti hesab edilib.

Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Hökmdə Vergilər Nazirliyinin mülki iddiası qismən təmin edilib.

Sahib İbrahimova məxsus Atatürk prospektindəki binanın üzərinə qoyulmuş həbs qərarı götürülüb. Məhkəmənin hökmünə əsasən, zərərçəkmiş Ehtibar Allahverdiyevin vəkili Xəqani İmanovun mülki iddiası təmin edilib.

X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Məhkəmə mülki iddianı 142 min manatlıq hissədə təmin edib.

Vəkil hökmdən narazı qaldıqlarını, maddi zərərin və mənəvi zərərin tam ödənilməsini tələb etdiklərini bildirib. Xəqani İmanov hökmdən apellyasiya şikayəti verəcəklərini qeyd edib.

Xatırladaq ki, prokuror külli miqdarda dələduzluqda, təkrarən vergidən yayınmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilən Sahib İbrahimova Cinayət Məcəlləsinin 66.3-cü (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.

Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir) maddəsi tətbiq edilməklə 5 il 6 ay cəza istəmişdi.

Amma qeyd edilən maddələrlə Sahib İbrahimovu 15 ildən artıq azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Dövlət ittihamçısı Sahib İbrahimovun həbs edilməsini yox, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edilməsini istəmişdi.

İşin maraqlı tərəfi isə budur ki, Sahib İbrahimov nə zərərçəkmişlərin pulunu, nə də dövlətə olan vergi borcunu ödəyib. Belə ki, Sahib İbrahimov 1 milyon 439 min manat vergi borcundan cəmi 37 min manatını ödəyib. Bundan başqa, o, qanunsuz sahibkarlıqla məşğul olmağa görə vurduğu 1 milyon 61 min manat ziyanı da ödəməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu