Sərt karantin günlərində hansı hallarda evdən çıxmağa icazə verilir?




14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Ötən həftəki karantin rejimindən fərqli olaraq bu dəfə bəzi dəyişikliklər olub, belə ki, bəzi hallarda evdən çıxmağa icazə verilir.

Sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə şərait yaradılıb.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilmir: “Ev heyvanını küçəyə çıxarmaq ehtiyacı yarananda vətəndaş onu yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır və bu zaman sui-istifadə halalrına yol verilməməlidir".

Digər evdən çıxmağa icazə isə məişət tullantılarının atılması ilə bağlıdır. Belə ki, insanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, əgər məişət tullantıları qabı uzaqdadırsa, oraya getməyə icazə verilmir:

"Həmin şəxs 200-300 metrlik məsafədə zibil atmaq üçün yaşayış yerini tərk edə bilməz. Bu üsuldan sui-istifadə edənlər məsuliyyətə cəlb ediləcəklər. Yəni zibil atmaq adı ilə yaşayış yerindən uzaqdakı əraziyə getmək qadağandır. 2 gün çox müddət deyil. Həmin zibilləri evdə qapalı qabda da saxlamaq olar".

Qeyd edək ki, dünəndən etibarən Bakıda binaların qarşısında zibil atmaq üçün əlavə konteynerlər də quraşdırılıb.

Sərt karantin günlərində vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr, ASAN xidmətin “108” çağrı xidmətinə zəng edə bilərlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Trend-ə açıqlamasında bildirib ki, istər kommunal xidmətlər, təcili yardım və digər məsələlərlə bağlı vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr “108” çağrı mərkəzinə zəng edə bilərlər:

“Bizim əməkdaşlarımız vətəndaşları müvafiq qurumlarla, zəruri xidmət sahələri ilə əlaqələndirəcək, onlara operativ məlumatlar təqdim ediləcək. Həmçinin, əgər həmin gün yolda qəza baş verərsə və ya kimsə hər hansı səbəbdən yolda qalarsa, bununla bağlı da “108” çağrı mərkəzinə zəng etmək olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu