Özəl klinikalarda koronavirus testinin qiyməti açıqlandı
Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVİD -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib. Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib. Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər.
Klinikalardan isə Trend-ə bildirilib ki, virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.
Qeyd edək ki, COVİD-19-a görə müayinələr İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"də aparılır.