İran ABŞ-ın sanksiyalarının uğursuz olduğunu bəyan edib
“ABŞ-ın İran tankerlərinin kapitanlarına Venesuelaya yanacaq tədarükü üçün tətbiq etdiyi sanksiyalar Vaşinqtonun təzyiqlərinin uğursuz olduğuna dəlalət edir”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi “Twitter” səhifəsində yazıb.
O, ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasına xitabən ABŞ-ın İran vətəndaşlarına qarşı addımlarının - “maksimum təzyiq”in yalnız sözdən ibarət olduğunu vurğulayıb.
“ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran və Venesuela ABŞ-ın qanunsuz sanksiyalarına qarşı mübarizədə sarsılmaz olaraq qalır”, - deyə Musəvi əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın Venesuelaya yanacaq tədarükünə görə İran tankerlərinin beş kapitanına qarşı sanksiya tətbiq etdiyini bildirmişdi.