Azərbaycanda işçilərə qoyulan qadağa - Onlayn xidmətdə PROBLEM
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir çox sahələrdə şirkətlər onlayn xidmət göstərmək üçün kuryerlərin xidmətindən yararlanmağa başlayıb. Beləliklə də onlayn xidmət sahəsinə tələbat artıb.
AFN xəbər verir ki, şirkətlər daha çox onlayn sifarişləri qəbul edə bilmək üçün kuryerlərin sayını artırmağa çalışır. Ancaq icaze.e-gov.az portalına yeni işçilərin məlumatlarını daxil etmək mümkün olmur.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyevlə əlaqə saxladıq.
Dövlət Agentliyinin rəsmisi bildirdi ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdə işçilərin ümumi sayı 50 faizdən çox olmamalıdır:
"Məlum olduğu kimi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub.
Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.
Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimlənməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər".