Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlandı




Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir.



Bu barədə AFN-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələrinin verilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayonunun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri verməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran hərəkətlərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu