Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov domen alveri ilə məşğuldur- İDDİA
İT mütəxəssis Sabir Həmidzadə .az domeni ilə bağlı baş verən proseslər haqda ilginc məlumatla çıxış edib. AFN-in məlumatına görə, o bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov domen alveri ilə məşğuldur.
"Dostum online.az vasitəsilə 8 domen qeydiyyatdan keçirib, ödəniş edib, pul kartdan çıxıb, hətta domenin whois məlumatları belə onun məlumatları ilə yenilənib. Bir neçə saat sonra isə online.az-dan mail gəlib ki, bəs sizdən öncə digər şəxs tərəfindən sorğu göndərilib və ilklik həmin şəxs tərəfindən olub, sizin sifarişinizi ləğv etmək məcburiyyətindəyik" deyən İT mütəxəssisin sözlərinə görə, hər kəs bilir ki, əgər sistemə belə sorğu daxil olsaydı, domen axtarışda məşğul görünlməli idi: "Amma domen boş olub, sifariş uğurla həyata keçib, whois məlumatları yenilənib. Hətta domenlər dostumun adından silindikdən sonra bir müddət yenidən satışa çıxarılıb, axtarışda boş görünüb. Əgər belə sorğu var idisə, birbaşa həmin sorğuçunun adına keçməli idi. Təbii ki, elə bir sorğu olmayıb. Domenlər dostumun adından çıxarılıb, daha sonra digər şəxsin – Çingiz Yusifzadənin adına qeydiyyatdan keçirilib.
Dostum uzun müddət xaricdə yaşayıb, ölkəyə yeni gəlib deyə hələ optimistliyini itirməyib. Nə qədər izah etməyə çalışsam da ki, bura Azərbaycandır, etiraz etdi ki, yox, ölkədə müsbət isitqamətdə dəyişikliklər çoxdur, bu cür özbaşnalığa yol verilə bilməz. Və Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanovla əlaqə saxlayaraq problemi izah edib. Artıq məsələdən məlumatlı olan Faiq müəllimlə söhbətin nəticəsində məlum olub ki, özbaşnalıq imiş".
Faiq Fərmanov kimdir?!
S.Həmidzadə daha sonra "Faiq Fərmanov kimdir?!" sualına aydınlıq gətirərək bildirib ki, nazirliyin mötəbər qurumuna rəhbərlik edən bu şəxs həm də ICANN’da (İnternet Adlarının və Nömrələrinin Verilməsi üzrə Assosiasiya) .az domenini qeydiyyatdan keçirən adamdır: "Yəni, əslində bütün .az domenləri Faiq müəllimindir. Müəllim özü də çox əla bir sistem qurub. "İntrans" MMC adlı şirkət qurub, bu şirkəti domenlərin qeydiyyatına nəzarət edən Milli İnzibatçı etdirib, hər il də bir dənə şirkət qurur, domenləri o şirkət adıyla satır. Misal üçün, hal-hazırda online.az-dan domen safariş veriləndə müqavilə Ayşən İbrahimova adlı şəxsin direktoru olduğu "Veb.az" MMC ilə bağlanılır. Amma 2019-da direktoru Alla İkonnikova adlı şəxs olan "INAME MMC" olub. Digər illərdə də yenə belə xanımların rəhbərliyi ilə qurulan MMC-lər olub. Bu şirkətlərin saytına girəndə də online.az-ın eynisi açılır, sadəcə bir dənə paint’də düzəldilmiş loqo qoyurlar.
Dostumla telefon söhbəti zamanı məlum oldu ki, Faiq müəllim məsələdən xəbərdar imiş. Bir neçə domenin satışıyla bağlı "Veb.az" MMC ilə yaranmış problemdən qısa müddətdə xəbər tutması isə onu göstərir ki, ya müəllim bütün sistemi daim nəzarətdə saxlayır, ya da bütün bu məsələlərlə, Çingiz Yusifzadə ilə və qeydiyyatı aparan şirkətlərlə əlaqəsi var.
Bütün bunlardan əlavə, Milli İnzibatçı olan "İntrans" şirkətinin özünün özəlləşdirdiyi domenlər də var: domain.az, hosting.az, host.az, web.az, baku.az, search.az, ssl.az, sms.az, sale.az, business.az, wap.az və s. və ilaxır, list davam edir. Bunları hardasa başa düşmək olar ki, hardasa ciddi domenlərdir, səlahiyyətlətindən azca sui-istifadə etmək istəyiblər. Amma Milli İnzibatçı bunlarla yetinməyərək, mp3.az, models.az, happy.az-ı və .s kimi o qədər də vacib olmayan domenləri də özəlləşdirib.
Xülasə, internet əsrində internetin qapısı olan domen sistemində özbaşnalığa bax! Yaxşı ki, bu adamlar Daşınmaz Əmlak Məsələləri Komitəsini idarə etmirlər, yoxsa gəlib evimizi əlimizdən alardılar".
Mövzu üzrə araşdırma aparılacaq. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.