Rezidenturaya qəbul qaydalarında dəyişiklik uğurla tətbiq olunur




Təhsil sahəsində islahatların davam etdirilməsinə dair ölkə rəhbərliyi tərəfindən verilmiş qərar və tövsiyələr rəhbər tutularaq Azərbaycan Tibb Universitetində (ATU) təhsilin səviyyəsinin yüksəldilməsi və bu sahədə mövcud beynəlxalq proqramların tətbiq olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.



Universitetdən AFN-ə verilən məlumata görə, ötən il ATU və İ.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialından rezidentura pilləsinə qəbulun yumşaldılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər paketi təqdim edilmiş, müvafiq qiymətləndirilmə aparılaraq 20 dekabr 2019-cu il tarixdə "Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları"nda dəyişiklik edilməsi haqqında yeni qərar imzalanıb. Qərara əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
Əvvəlki illərdə rezidenturaya qəbul üçün məzunlar bir il ərzində baza fənləri və ixtisas fənləri üzrə 2 imtahan verməli idi. Yeni qaydalara əsasən artıq tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır. İmtahanda minimal keçid balı 40 müəyyən edilmişdir, toplanmış bal 5 il müddətində etibarlığını saxlayır.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etmiş və baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında "məqbul" almış məzunlar, ixtisas seçiminə isə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılır. Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərinin qiymətləndirilməsi imtahanında topladıqları bal əsasında aparılır.
Cari ilin 5 avqust tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında IV və V kursların 244 tələbəsi iştirak etmiş, onlardan 131 nəfəri mərhələni keçmişdir. İmtahanda iştirak etmiş 1184 məzundan 553 nəfəri rezidenturaya qəbul olmuş, 666 nəfər imtahandan kəsilmişdir ki, bunlardan 414-ü əvvəlki illərin məzunlarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu