Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir
Koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ölkəmizin gömrük orqanları daim ön cəbhədə mübarizə aparır. Virusun yayıldığı ilk günlərdən etibarən Dövlət Gömrük Komitəsi yoluxmanın əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirir. Pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verən DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib ki, ölkə ərazisinə daxil olan bütün nəqliyyat vasitələri 3 mərhələdə dezinfeksiya olunur. Bunun üçün bütün gömrük-keçid məntəqələrində xüsus stasionar dezinfeksiya avadanlıqları quruaşdırılıb. Eyni zamanda, xüsusi təlimatlandırılmış əməkdaşlar daşınan avadanlıqlar vasitəsilə nəqliyyat vasitələrinin kabinlərini də dezinfeksiya edirlər.
Gömrük-keçid məntəqələrində fəaliyyət göstərən bütün gömrükçülər xüsusi geyim vasitələri ilə təmin olunub və həmin geyim vasitələrindən təhlükəsiz qaydada istifadəyə dair təlimatlandırılıb.
Yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasının ərazisinə daxil olduqları vaxt laboratoriya müayinəsindən keçirilir və nəticələr əldə olunanadək yaşadıqları və ya olduqları yerdə sanitariya qaydalarına riayət etməklə karantin nəzarətinə götürülürlər.
Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində tranzitlə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqəsinə daxil olduqları vaxt həmin şəxslərin sağlamlıq vəziyyəti qiymətləndirilir və onların təyinat məntəqəsi istiqamətində nəqliyyat vasitəsini tərk etməmək şərtilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə maneəsiz hərəkəti təmin edilir. Nəqliyyat vasitələri təyinat məntəqəsinə qədər yanacaqla təmin olunur. Sürücülər marşrut boyunca zəruri ehtiyacların təmin edilməsi məqsədilə dayanma, durma hallarına yol verdikləri zaman fərdi vasitələrdən mütləq istifadə, sosial məsafənin qorunması barədə ciddi təlimatlandırılır.
Azərbaycan Respublikasının ərazisində tranzitlə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin sərhəd buraxılış məntəqəsində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onların virusa yoluxma şübhəsi yarandıqda gəldikləri ölkənin səlahiyyətli orqanlarına məlumat verilməklə geri qaytarılırlar. Virusa yoluxma şübhəsi Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra və ya təyinat ölkəsinə hərəkət zamanı yarandıqda, həmin şəxslər laboratoriya müayinəsindən keçirilməklə tibbi çeşidləmə müəssisəsinə göndərilirlər.