Başqa ölkələrdəki həkimlər bizdən daha savadlı deyil – Vüsal Mahmudov
“Hər yaşda aşkarlana biləcək xəstəliklərlə bağlı uşaqlar mütləq müntəzəm olaraq müayinə olunmalıdır”.
Bunu AFN-ə açıqlamasında “Baku Medical Plaza”nın həkimi, travmatoloq-ortoped cərrah Vüsal Mahmudov deyib. “Başqa ölkələrdəki həkimlər heç də bizdən daha savadlı deyil. Bu gün bizim istifadə etdiyimiz avadanlıqlar nədirsə, Amerikada da odur. Onsuz da istehsalçı bir neçə ölkə var, hər kəs ordan alır” - deyən mütəxəssisin sözlərinə görə, tək üstünlük düzənli bir sistemin olmasıdır: “Məsələn, ailələr məcburi olaraq uşaqlarını müəyyən vaxtlarda həkimə aparmalıdır. Bizdə ailələr qorxurlar bir az artıq xərcim çıxar, amma Allah eləməsin, ailədə bir serebral iflic uşaq doğularsa, yaxud bud-çanaq oynağı çıxıq uşaq olarsa bundan daha artığını xərcləyəcəklər. Xərcləsə belə, əvvəlki sağlığını bərpa edə bilməyəcəklər. Ona görə də tədbiri vaxtında görməli, uşaqlarına sağlıqlı yaşamaq şansını verməlidirlər”.
Yastıpəncəlilik haqda danışan həkim bildirib ki, yastıpəncəliliyin iki növü var: yumuşaq və sərt yastıpəncəlilik: “Yumşaq yastıpəncəliliyi biz artıq normala yaxın sayırıq, çünki onlarda hər hansı müalicəyə, cərrahi əməliyyata ehtiyac yoxdur. Belə xəstələrlə bağlı bəzi profilaktik tədbirlər reallaşdırırıq. Ayaqqabı içlikləri veririk, ehtiyac olarsa müəyyən fizioterapiya tətbiq edirik. Amma sərt yastıpəncəlilikdə şikayətlər çoxdur. Məsələn, uşaqlar uzun məsafə yeriyə bilmir, ayaqlarında ağrılar olur, yaşlarına görə daha tez yorulur, ayaq altında mazol dediyimiz yaralar əmələ gəlir. Təbii ki, onlar məcburən əməliyyat olmalıdır. Ailələr bir şeyi bilməlidirlər: uşaq yastıpəncə doğulursa, deməli yastıpəncədir. Onu heç bir prosedur, masaj, fizioterapiya, ayaqqabı düzəltməz. Amma təəssüflər olsun ki, düzgün məlumat olmadığı üçün ailələr ümidlə vaxtlarını, vəsaitlərini bu kimi prosedurlara sərf edirlər”.
Yaşlı insanlarda qığırdaqların yeyilməsindən yaranan çətinliklərə son vaxtlar daha çox rast gəlinir. Bunun qarşısını almaq mümkündürmü? V.Mahmudovun sözlərinə görə, artroz əslində dünyadakı bütün insanların başına gələcək bir xəstəlikdir. “Bir insan yaşayırsa, hərəkət edirsə onda sürtünmə olacaq” deyən həmsöhbətimiz qeyd etdi ki, sürtünmə varsa, aşınma da təbiidir: “Buna degenativ xəstəliklər deyirlər. Bizim ölkədə bu xəstəliyin yaranmasının bir neçə səbəbi var. Birincisi, xüsusən də xanımlarımızın çox kilolu olması. İkincisi, bizdə klimaks kimi tanınan aybaşıdan kəsilmə dönəmində və ondan sonra sümüklər və oynaqlar üçün heç bir profilaktik tədbirin görülməməsi. Xüsusən ev xanımlarının daha çox ev işləri görməsi, ağır yüklər daşıması və demək olar ki, günün bir çox hissəsini davamlı ayaqüstə durması, uşaqları qucaqda saxlaması da bir faktordur. Bundan əlavə, irsi faktorlar da var, atadan-anadan gəlmə də ola bilir bu xəstəlik. Adətən dünyanın bir çox ölkəsində oynaq xəstəliklərinə 70-80 yaşlarında rast gəlinir. Amma bizdə bu çox tez yaşda aşkarlanır”.