Məktəblərdə dərslər necə təşkil olunmalıdır?
Nazirlər Kabineti Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin tarixlərini təsdiqləyib.
AFN “report”a istinadən xəbər verir ki, sentyabrın 15-də tədris ibtidai siniflərdə əyani formada bərpa olunacaq, V-XI siniflərdə isə onlayn qaydada dərslər keçiriləcək.
V-IX sinif şagirdləri oktyabrın 1-də, X-XI sinif şagirdləri həmin ayın 15-də ənənəvi şəkildə məktəbə gedəcək. Oktyabrın 1-dən isə məktəbəhazırlıq qruplarında tədris başlayacaq.
Təhsil Nazirliyi ibtidai siniflər üçün əyani dərslərin həftədə 2-3 dəfə keçirilməsi təklifi ilə çıxış edib. Ancaq tədrisin necə və hansı formada təşkil olunması ilə bağlı yekun qərar hələ verilməyib, müzakirələr davam edir.
Təhsil Nazirliyi sentyabrın 8-nə qədər tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarını hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu gün valideynləri düşündürən bir sual var: dərslər hansı formada və necə keçiriləcək?
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, hər ilin əvvəlində yeni tədris planı təsdiqlənir:
“Həmin planla hər bir sinif üzrə hansı fənlərin neçə saat keçirilməsi müəyyən olunur. Bu il həmin tədris planı uyğunlaşdırılıb.
Məsələn, şagirdlərin kimya fənni üzrə keçəcəkləri dərslərin saatı olduğu kimi qalır. Ancaq qarşılığında məktəblərə təklif veririk ki, həmin fənnin 1 saatını virtual, digər saatını isə real vəziyyətdə keçsinlər.
Əgər dərsin virtual rejimdə keçirilməsi üçün imkan yoxdursa, bunu kompensiya etmək üçün teledərs layihəsi var. Bu il də layihə davam etdiriləcək.
Odur ki, bütün dərslərin izahı olacaq. Hərdən çox insan deyir ki, bu, effekt vermir. Məncə bu, unikal şansdır. Çünki teledərslərə ölkənin ən yaxşı müəllimləri dəvət olunur”.
Şöbə müdiri əlavə edib ki, dərslərin başlama və bitmə vaxtının sürüşən qrafik üzrə olmasına görə məktəblər üçün təlimatlar hazırlanır:
“Gözləmirik ki, I yarımil üzrə bütün məktəblərdə eyni saatda, misal olaraq səhər saat 08.00-da zəng çalınsın. Mümkündür ki, zəngin çalınması bir sinif üçün saat 08.00-da, digərində isə 09.00-da olsun.
Dərslər arası tənəffüs vaxtları da müxtəlif olacaq. Təbii ki, bu da məktəblərdə şagird sıxlığını azaldacaq. Əvvəl deyirdik ki, məktəblərdə bir növbəlilik olsun, ancaq indiki vəziyyət çox növbəliliyi tələb edir”.
Təhsil eksperti Hümeyir Əhmədov açıqlamasında bildirib ki, hazırda nazirlik tədris sisteminin müvafiq icra mexanizmlərini hazırlayır:
“İbtidai sinifdə təhsil alan şagirdlərin bəzilərinin valideynləri rayondadır və onların paytaxta gəlməsi məsələsi də hazırlanacaq mexanizmlərdə öz əksini tapacaq. Yaxud da xəstələnən şagirdi dərsə gətirmək olmaz. Müəllimlər ibtidai siniflərdə dərsi adi qaydada keçəcəklər”.
Qeyd edək ki, hökumətin tədrislə bağlı qərarı noyabrın 2-dək qüvvədədir. Təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.