Baş infeksionistdən toylarla bağlı mühüm AÇIQLAMA




Sentyabrın 1-dən ölkəmizin bəzi rayon və şəhərlərində sərt karantin rejimi ləğv edildi. Yalnız Bakı, Sumqayıt, Abşeron ərazisində karantin rejimi ayın 30-dək uzadılıb.



Bir müddət bundan əvvəl karantin qaydaları qorunmaqla açıq məkanda fəaliyyət göstərən kafe və restoranların da açılmasına icazə verilib. Bu məkanlarda sosial məsafənin saxlanılması və qaydalara əməl olunmasına aidiyyətli qurumlar tərəfindən daim nəzarət olunur. Tələb olunan qaydalara əməl olunmadıqda isə cərimələr tətbiq edilir.

Beləliklə, restoran və kafelərin açıq məkan şəraitində fəaliyyət göstərməsinə icazə verildikdən sonra əksəriyyət toy-nişan məclislərinin də yaxın vaxtlarda icazə veriləcəyinə ümid edirdi. Bu məsələni böyük ümidlə gözləyənlər arasında şou-biznes əhli də çoxluq təşkil edir. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik toy və nişanların keçirilməsinin riskli olduğunu qeyd edir. Bəzi ekspertlər bildirir ki, kafe və restoranların açıq məkanlarda fəaliyyətinə icazə verildiyi üçün toy və nişan tədbirlərinin də açıq məkanlarda keçirilməsinə icazə vermək olar və bununla bağlı Türkiyə təcrübəsini əsas gətirirlər.

Qeyd edək ki, hələ iyul ayından qonşu Türkiyə dövlətində toy və nişan məclislərinin keçirilməsinə başlanılıb. Lakin son günlər ölkədə koronavirusa yoluxanların sayında sürətli artım olduğu üçün hökumət bu sahədə də məhdudiyyətlər qoymaq məcburiyyətində qalıb. Belə ki, ötən həftə çıxarılan qərara əsasən, ölkənin 14 vilayətində sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsi qadağan olunub. Toy mərasimləri isə yalnız 1 saat müddətində keçirilə bilər. Həmçinin gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olunmaqla, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinin toyda iştirakı qadağandır.

Azərbaycana gəldikdə isə artıq 6 aydan çoxdur ki, ölkədə toyların keçirilməsi qadağandır. Ekspertlər qeyd edir ki, bu qadağa uzandıqca gələcəkdə bir çox problemlər ortaya çıxa bilər. Bu səbəbdən bəzi rəsmilər də toylara müəyyən şərtlər daxilində icazə verilməsinin tərəfdarı olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı ölkənin baş infeksionisti Cəlal İsayev sputnik.az saytına açıqlamasında bildirib ki, koronavirus əsasən hava-damcı yolu ilə yayıldığından, bu virusun insanların sıx toplaşdığı, ara məsafəsi saxlanılmadığı, eləcə də tibbi maskadan istifadə etmədiyi yerlərdə yayılma riski yüksəkdir: “Toy mərasimləri elə bir adətlərimizdəndir ki, orada insanlar sıx toplaşır, şənlənir, yemək yeyirlər. Toylarda maskadan istifadə mümkün deyil. İnsanlar rəqs edir, bir-biriləri ilə görüşür, gözaydınlığı verirlər. Belə bir mühitdə virusun yayılmasına şərait yaranır”.

C.İsayev açıq havada restoranların fəaliyyətinə icazənin verilməsi ilə açıq havada toyların təşkilini eyniləşdirməyin düzgün olmadığını söyləyir. O bildirir ki, toylar üçün yeni mexanizmlər hazırlanarsa, bu haqda danışmaq olar: “Azərbaycanda toylar təkcə ailə üzvlərinin iştirakı ilə keçirilmir. Toya qohum-əqrəba, dost-tanış dəvət olunur. Dəvət edilən qonaqların sayı az olarsa, açıq havada toyların keçirilməsini müzakirə etmək olar”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, karantin qaydalarına ciddi əməl olunmaqla bütün qadağalar aradan qaldırılmalı, o cümlədən də toylarla bağlı məsələ tənzimlənməlidir:

“Artıq 6 aydır ki, insanlar gözləyir. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi problemlər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili mümkündür. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir.

Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalararası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlərarası məsafə ən azı 2 metr olmalıdır. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəni gözləməlidir. 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bunları bildirib: “Təbii ki, bir çoxları toylara icazə verilməsini istəyir, arzulayır ki, əvvəlki toylar yenidən geri dönsün. Artıq həmin dövr bitdi, o cür toylar artıq olmayacaq. Bütün şou-biznes əhli bunu qəbul etməlidir. Ən əsası isə koronavirus pandemiyası başlayandan hər zaman qeyd etmişəm ki, əhali ilə bu məsələ ətrafında işləmək lazımdır. Elə etmək lazımdır ki, əhali arasında müasir tələblərə uyğun maariflənmə işləri aparılsın, ictimai qınaq olsun. Lakin təəssüf ki, bu istiqamətdə işlər aparılmır.

Elə bilirik ki, bu virusa deyiləcək ki, ”sən bizim əhaliyə dəymə", o da dəyməyəcək. Amma belə deyil axı, biz sərt problemlə üz-üzə qalmışıq. Artıq virusla birlikdə yaşamaq tərzini öyrənməliyik. Necə ki, cəngəllikdə insanlar vəhşi heyvanlarla birgə yaşayır, eləcə də kənd yerlərində insanların ilanlarla birgə yaşamaq vərdişi var. Məsələn, kənd yerlərində hamı bilir ki, həyətdə ilan ola bilər və ondan necə qorunmaq olar".

Əhməd Qəşəmoğlu qeyd etdi ki, hazırda da əksəriyyət insanlar karantin qaydalarına əməl etməkdən yayınır: “Küçəyə çıxanda görürük ki, insanlar bir-biriləri ilə yenə də qucaqlaşır, öpüşür. Məgər bunu etmək vacibdir? Hətta bəzən bununla fəxr də edirlər ki, ”biz virusu, karantin qaydalarını saymırıq". Və yaxud avtobus dayanacaqlarında durub, müşahidə etsəniz, görərsiniz ki, əksər avtobuslarda sərnişinlər maska taxmır və yaxud maskanı çənənin altında saxlayırlar. Bu cür vəziyyətdə toylara icazə verilməsi mümkün deyil.

Bəli, toyların keçirilməsinə ehtiyac var. Amma axı bizim xalq hələ buna hazır deyil. Bəziləri qeyd edir ki, açıq məkanlarda toyların keçirilməsi mümkündür. Bunun üçün insanlar yoluxma riski ilə bağlı qaydaları bilməlidirlər. Bu, adi qrip deyil. Bu yaxınlarda bir hadisə haqqında oxudum. Xarici ölkələrin birində koronavirusa yoluxmuş bir şəxs kafedə 2 saat oturmaqla 56 nəfəri bu virusa yoluxdurmuşdu. Beləliklə, koronavirus ciddi məsələdir. Yəni bu dəhşətli virusdur. Hətta bəzi ekspertlər qeyd edir ki, bu virus bitəndən sonra başqa virus ortaya çıxacaq. Bunun üçün biz virusdan qorunmaq, onunla yaşamaq vərdişlərinə yiyələnməliyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu