Aleksey Navalnını kim zəhərləyib? - ŞƏRH





Rusiya müxalifətinin lideri Aleksey Navalnının "Noviçok" qrupundan olan hərbi-zəhərləyici maddə ilə zəhərlənməsi ilə bağlı Almaniya hökuməti Avropa Birliyi və NATO-ya məlumat veriləcək.



Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Aleksey Navalnının zəhərlənməsindən danışarkən deyib:

"Bunu Bundesverin (Almaniya ordusu) xüsusi laboratoriyasında müəyyən ediblər. Almaniya hökuməti bu barədə Avropa Birliyi və NATO-ya məlumat verəcəyini və Rusiyaya qarşı əks tədbirlərin müzakirə olunacağını açıqlayıb. 2018-ci ilin martında Britaniyada Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripala qarşı da bu kimyəvi silahdan istifadə olunmuşdu. Britaniya xüsusi xidmət orqanları qısa müddət sonra Skripal və qızını zəhərləyən Rusiya ordusu Baş Qərargahının Baş İdarəsinin (keçmiş QRU) zabitlərinin şəxsiyyətini müəyyənləşdirmişdi. Beləliklə, Navalnının da öz ölkəsinin xüsusi xidmətlərinin sui-qəsdinə məruz qaldığı artıq şübhə doğurmur”.

Şahin Cəfərli qeyd edib ki, bu xəbər açıqlandıqdan sonra rubl dollar və avro qarşısında ucuzlaşdı, Rusiya birjalarında indekslər aşağı düşdü:

"Çünki Qərbdən yeni sanksiyalar gözlənilir. Amma ötən illərin praktikası göstərir ki, sanksiyalar Rusiyanı idarə edənləri qorxutmur. Ölkə iqtisadiyyatının bu sanksiyalardan zərər çəkməsi onlar üçün problem deyil, iqtisadi inkişaf, xalqın rifahının yüksəldilməsi kimi bir prioritetləri yoxdur. Rusiya iqtisadiyyatı onsuz da yerində sayır, xalqın rifahı pisləşir - sanksiyalar olsa da, olmasa da”.

Politoloq bildirib ki, Qərb əslində indiyə qədər xüsusi ağır sanksiyalar tətbiq etməyib:

"Onlar Moskva ilə dialoq qapısını hər zaman açıq saxlayırlar və körpüləri yandırmırlar”.

Xatırladaq ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu