İlham Əliyev: “Ermənistanın hücumunun ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi"


“Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddiaları yalan məlumatdır”.



AFN-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə deyib.

Prezident İlham Əliyev bildirib ki, bunun sübutu yoxdur: “Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir”.

Dövlət başçısı Ermənistanın Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham etməsi ilə bağlı suala da cavab verib: “Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu