Ermənistanın Azərbaycana raketlər atması ilə bağlı cinayət işi başlandı

Baş Prokurorluğun Mətbuat Xidmətinidən AFN-ə bildirilib ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Baş Prokurorluq bəyan edir ki, erməni silahlı birləşmələri tərəfindən hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyası rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.