MOM Milli Orduya dəstək aksiyasına qoşulub


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin rəhbərliyi və bütün kollektivi ölkəmizdə gündən-günə genişlənən Milli Orduya dəstək aksiyasına qoşulub.



Sentyabrın 27-dən etibarən Milli Onkologiya Mərkəzinin xeyli gənc həkim və mütəxəssisi Vətən torpaqlarını işğaldan azad etmək uğrunda müqəddəs savaşa qalxmış Azərbaycan əsgərlərinə mənəvi və tibbi yardım göstərmək üçün cəbhəyanı xəstəxana və hospitallara yollanıblar.
Ötən müddət ərzində döyüşlərin getdiyi və namərd düşmənin top atəşinə məruz qoyduğu ərazilərə Milli Onkologiya Mərkəzi tərəfindən davamlı şəkildə sərf materialları, dərman preparatları və digər tibbi ləvazimat göndərilib.
Mərkəzdən bildirilib ki, zərurət yarandığı təqdirdə kollektiv cəbhə və cəbhəyanı bölgələrdən müalicəyə ehtyacı olanları dərhal qəbul etməyə hazırdır. Bunun üçün xeyli miqdarda müalicə otağı, sarğı məntəqələri yaradılıb, kifayət qədər qan ehtiyatı toplanıb. Tibbi yardıma ehtiyacı olan şəxslərə ən yüksək səviyyədə xidmət göstərmək üçün xüsusi tibbi qruplar yaradılıb.
Mərkəz kollektivinin topladığı könüllü ianə Milli Ordumuza Dəstək Fonduna keçirilib.
Milli Onkologiya Mərkəzi ölkəmiz üçün taleyüklü olan bu günlərdə Azərbaycan xalqının, onun şanlı ordusunun, Ali Baş Komandanın yanındadır!
Qarabağ Azərbaycandır!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu