Polis karantin bölgəsində gücləndirilmiş iş rejiminə keçdi
Daxili İşlər Nazirliyindən AFN-ə verilən məlumata görə, qərardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar qeyd olunan rayon mərkəzlərinin və kəndlərin giriş-çıxışlarında xüsusi karantin postları təşkil edilərək polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunublar.
Bu təhlükəli virusun geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
“COVID-19” pandemiyası zəminində dünyada yaşanan hazırki fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas bir dönəmdə ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edirik. İnanırıq ki, qarşıdakı müddətdə də virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar törətməməsi üçün vətəndaşlarımız, o cümlədən Nazirlər Kabinetinin qərarında adları qeyd olunan Sabirabad və Şəki rayonlarının sakinləri karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının tələb və tövsiyələrini anlayışla qarşılayacaq və bununla əlaqədar tətbiq edilən bütün qayda və qadağalara ciddi riayət edəcəklər.