Pandemiyanın ikinci dalğası neft bazarına təsir göstərib
“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında səhər hərracında “Brent” markalı neftin dekabr fyüçersləri 1,1 faiz ucuzlaşaraq 42,73 ABŞ dollarından satılıb. Ötən gün “Brent” 0,37 faiz ucuzlaşmışdı. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neft ötən gün 0,2 faiz ucuzlaşdıqdan sonra bu gün səhər daha 0,93 faiz ucuzlaşaraq 40,58 dollardan satılıb.
CBA ekspertlərinə görə dünyada neftə tələbatın azalmasına dair əlamətlər sezilincə qiymətləri sabit saxlamaq üçün təklifi də azaltmaq meyli güclənir. Beynəlxalq Enerji Agentliyi (İEA) də bu həftə açıqladığı hesabatında pandemiyanın yeni dalğası və məhdudlaşdırıcı tədbirlər üzündən tələbatın artımının ləngidiyini qeyd edərək cari il üçün gündəlik tələbata dair proqnozunu 91,7 milyon barel həcmində saxlayıb.
Rəsmi məlumata görə, ABŞ-da 2-9 oktyabr tarixlərində neft ehtiyatları 3,8 milyon barel, benzin ehtiyatları 1,6 milyon barel, distilat ehtiyatları 7,2 milyon barel azalıb. NYMEX-də satılan neftin saxlandığı Kuşinq anbarlarındakı ehtiyatlar isə 2,9 barel artıb. Ekspertlər isə neft ehtiyatlarının orta hesabla 2,3 milyon barel, benzinin 1,8 milyon barel, distilatın da 2,5 milyon barel azalmasını gözləyirdilər.
Amerika Neft İnstitutunun (APİ) məlumatına görə isə sözügedən dövrdə neft ehtiyatları 5,4 milyon barel, benzin ehtiyatları 1,5 milyon barel, distilat ehtiyatları 3,9 milyon barel azalıb, Kuşinqdəki ehtiyatlar isə 2,2 milyon barel artıb.