Heç bir danışıqlar olmayacaq! - Yalnız irəliyə doğru... / AÇIQLAMA
Ermənistan öz faşist mövqeyini göstərərək mülki əhalini hədəfləməyə davam edir. Onlar mülki əhali ilə yanaşı bəzi əhəmiyətli əraziləri də raket atəşinə tuturlar. Məhz belə əhəmiyyət daşıyan ərazilərdən biri Bakı-Tiflis-Ceyhan kəmərinin olduğu hissədir.
Bu barədə Redaktor.az-a müsahibə verən politoloq Rusif Məmmədsoy bildirib ki, bununla erməni tərəfi proseslərə dözümsüzlüyünü nümayiş etdirir:
"Ermənistan tərəfinin təxribatları səngimək bilmir. Bununla erməni tərəfi proseslərə dözümsüzlüyünü nümayiş etdirir. Birmənalı deyə bilərik ki, Ermənistan artıq son nəfəsini verir. Ümid edirlər ki, bəlkə Azərbaycan xalqı bu raket zərbələrindən sonra hakimiyyətə əməliyyatların dayandırılması üçün təzyiq edəcək. Təbii ki, bütün bunlar bizi qorxuda bilməz.
Nikol Paşinyan hakimiyyəti artıq başa düşməlidir ki, bunun geriyə yolu yoxdur. Danışıqlar olmayacaq, hər hansı bir anlaşma olmayacaq. Dağlıq Qarabağ və ətraf rayonlar şərtsiz öz sahibinə qayıtmalıdır. Ermənistan tərəfi minlərlə itki verib və artıq ölkədə N.Paşinyana qarşı təzyiqlər artır. Bundan sonra siyasi müstəvidə Ermənistanın ata biləcəyi hər hansı bir addım qalmayıb. Ən yaxın bildiyi müttəfiqləri ona siyasi dəstək vermir. Hansı ki, versə belə bir şey dəyişməyəcək. Azərbaycan tarixi torpaqlarına qovuşacaq. Bunun alternativi yoxdur".