TAP Azərbaycanla Albaniya əməkdaşlığının inkişafında katalizator olub
“Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Azərbaycanla Albaniya arasında əməkdaşlığın inkişafında katalizator rolu oynayıb və bu ölkələrimiz arasında ilk uğurlu əməkdaşlıq nümunəsidir”.
“Report” xəbər verir ki, bunu “Albanian Daily News” xəbər saytına müsahibə verən Azərbaycanın bu ölkədəki səfiri Anar Hüseynov deyib.
A.Hüseynovun sözlərinə görə, TAP Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır:
“Biz enerji sektorundan kənarda hər iki ölkə üçün əhəmiyyət təşkil edən turizm, kənd təsərrüfatı, ortaq sərmayələr, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlıq imkanlarından istifadə edə bilərik.
Bir çox azərbaycanlılar üçün Albaniya Avropanın hələ də kəşf edilməyən, buna baxmayaraq gözəl təbiəti, qonaqpərvər insanları və əməkdaşlıq imkanları olan ölkə kimi tanıyır. Bildiyiniz kimi bir çox albaniyalılar da mənim ölkəmlə bağlı məhdud informasiyalara malikdirlər. Düşünürəm ki, müxtəlif sahələrdə çalışan insanlarımız arasında əlaqələrin olması üçün səylərimizi birləşdirməliyik”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır. Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin sonlarında nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.