Erməniləri məcbur etmək olmaz ki, gəlin Azərbaycanda yaşayın... – hüquq müdafiəçisi
"Heç kəsi hansısa bir ölkədə yaşamağa məcbur etmək olmaz. Bu, fundamental bir hüquqdur. Hər bir vətəndaş sərbəst hərəkət edə, hərəkət azadlığı hüququndan istifadə edərək yaşayış yerini seçə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü, hüquq müdafiəçisi Əlməmməd Nuriyev sosial şəbəkədə ermənilərin azərbaycanlılarla yaşamaq istəməməsi ilə bağlı fikirlərindən danışarkən deyib. O bildirib ki, ermənilərin belə bəyanatlarla çıxış etməsi öz daxili işi və seçimidir: "İstər qayıtsınlar, istər qayıtmasınlar, öz işləridir. Biz heç vaxt onları məcbur etmərik. Onlar özlərinə yaşayış yeri seçməkdə sərbəstdirlər. Bu fikirlərin altında başqa mənalar var. Ermənilər bütün dünyaya bunu demək istəyirlər: "Bizim həyatımıza təhlükə var, yaxud da ola bilər. Ona görə Qarabağa qayıtmırıq". Azərbaycan Prezidenti elan elədi ki, erməni vətəndaşlarımıza burada bizimlə yaşamağa tam təminat verilir. Ancaq bir şərtlə ki, onlardan kimsə Azərbaycana qarşı həyata keçirilən terror əməliyyatlarında, Xocalı hadisəsində iştirak etməsin, Azərbaycan dövlətinə qarşı hər hansı cinayət törətməsin, Qarabağda döyüş əməliyyatlarında olmasınlar. Bunlar çox vacib şərtlərdir".
Əlməmməd Nuriyev qeyd edib ki, bu əməliyyatların iştirakçıları Azərbaycan dövlətinin qanunları qarşısında cavab verəcəklər: "Xankəndi və digər yerlərdə yaşamaq istəyən erməni millətindən olan hər bir kəs Azərbaycan qanunlarına tabe olmalıdır. Burada ən vacib şərt ondan ibarətdir ki, bizimlə yaşamaq istəyən yerli əhali olmalıdır. Qarabağa qayıtmaq istəyənlər də vaxti ilə orada yaşayan və qeydiyyatda olanlar olacaq. Bu, vacib şərtdir. Çünki döyüş gedən ərəfələrdə Qarabağda başqa yerlərdən gələn ermənilərin məskunlaşdırılması ilə bağlı faktlar var. Bu da beynəlxalq hüququn, normaların pozulmasıdır. Həmin şəxslər Qarabağda yaşaya bilməz. Onlar sadəcə beynəlxalq birliyin diqqətini çəkmək istəyir".
Hüquq müdafiəçisi hesab edir ki, Qarabağda yaşamaq istəyən hər kəs Azərbaycan pasportu daşıyacaq: "Bu birmənalıdır. Heç bir halda ikili vətəndaş ola bilməz. Başqa ölkənin vətəndaşının Qarabağda yaşaması qeyri-mümkündür. Onların hər birinin pasportu Azərbaycan pasportu olacaq. Azərbaycanda vahid bir yanaşma, miqrasiya haqqında qanun var. Azərbaycanda yaşayan hər bir kəs bu dövlətin qayda-qanunlarana tabel olmalıdır".