Ermənilərin “Qarabağdan 90 min erməni qaçıb” yalanı nəyə xidmət edir? - ŞƏRH
"Ermənilərin "Qarabağdan 90 min erməni qaçıb” fikirini səsləndirməkdə məqsədləri çeşidlidir”.
Bunu AFN-ə açıqlamasında politoloq Azər Qasımlı deyib. Onun sözlərinə görə, ermənilərin birinci məqsədi bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır:
"Məsələni ciddi çəkildə şişirtmək istəyirlər. Baxın, görün ki, Qarabağdan 4-5 deyil, 90 min adam gedib. İkincisi, istəyirlər ki, özlərinin sayını şişirtsinlər, yəni bölgə onlarındır. Məsələ burasındadır ki, Dağlıq Qarabağda bu qədər adam yaşamır”.
Politoloq qeyd edib ki, ermənilərin Qarabağda sayının az olmasının səbəbləri var:
"Son 30 il ərzində Dağlıq Qarabağdan çox adam köçüb gedib. Gənclər orada qalmadı. Bu saat gənclər orada yaşamır. Gənclərin böyük qismi ümumiyyətlə, Qarabağda yaşamır, tərk edib oranı. Onların bir qismi Ermənistana iş axtarmağa gedib. Orada sosial həyat yaxşıdır deyə, ora üz tutublar. Böyük bir qismi isə Rusiyaya və digər bölgələrə üz tutub. Ermənistan cəmiyyətində bizim kimi müsbət demoqrafik vəziyyət yox idi. Bizdə artım var və bu davam edir. Amma onlarda əks proses baş verirdi, ölüm daha çox idi, nəinki doğuş. Digər tərfdən də iş qabiliyyəti olan gənclər həm Ermənistanı, həm də Qarabağı tərk ediblər. Bu da ölkənin demoqrafiyasına iki qat təsir edib”.
Qeyd edək ki, Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın növbəti uydurmasından danışıb. Prezident "Ermənistan tərəfindən növbəti bir uydurmanı ortalığa atılmasına da mən aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb”, - deyə bildirib.